Şəkərli diabet


Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır.
Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir. Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohıdraTların parçalanmasının qarşsını alır. Zülal mübadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir.
Insulinin işinin pozulması onun hazirlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. Insulin hasil edən Langerhans adacıqlarının mədə altı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.

Əlamətləri
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün okulist göz dibini müayinə edərkən, diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar: Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq, bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sür’ətlə azalması, qanda şəkərin yüksək olması, zəiflik və yorğunluq hissi, görmənin aydın olmaması, cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi, ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi, ayaqlarda ağırlıq hissi, başgicəllənmə, infeksion xəstəliklərin gec sağalması, yaraların gec sağalması, bədənin hərarətinin aşağı düşməsi, görmənin pozulması, tez yorulma, baldır əzələlərinin qıc olması.

Diaqnostikası
Acqarına normada şəkərin qandakı miqdarı (nmol/l) 3.3-5.5 olduğu halda, şəkərli diabet zamanı 6.1 və ya çox olur. Yeməkdən 2 saat isə bu göstəricilər normada 7.8`ə qədər, şəkərli diabet zamanı isə 11.1 və ya daha çox olur.
Qlükozaya peroral tolerantlıq testi:
Qanda şəkərin acqarına səhər yeməyindən qabaq 6.1nmol/l (110 mq%) yüksək olması xəstədə şəkərli diabetin olmasını göstərir. Normada sidikdə şəkər olmur, beləki böyrək filtiri qlükozanın tamamilə sidiyə kəçməməsini təmin edir. Lakin qanda şəkər 160-180 mq%-dən yüksək olduqda böyrək qlükozanı saxlaya bilmir və şəkər sidiyə keçir. Şəkərin sidiyə keçməsinə imkan yaradan minimal şəkər miqdarı “böyrək keçiricilik həddi” adlanır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır. Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi (QPTT) keçirilir ki, bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur.

Ümumi müalicə
1-ci tip şəkərli diabet zamanı orqanizmdə mədəaltı vəzin betta-hüceyrələri lazım olan miqdarda və ya tamamilə insulin hasil etmir, nəticədə insulin çatışmamazlığı yaranır. 1-ci tip şəkərli diabetin yeganə müalicə üsulu gündəlik insulin inyeksiyası və əlbətdə ki onunla birlikdə ciddi dieta və düzgün qidalanma rejimidir.
1-ci tip şəkərli diabet aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
1. Diabetin bütün tipləri genetik meillilik xüssusiyyətlərinə malikdir. Lakin 1-ci tip şəkərli diabetin inkişafında rol oynayan gen naborunun, 2-ci tip şəkərli diabetin inkişafına aidiyyəti yoxdur.
2. 1-ci tip şəkərli diabetdə mədəaltı vəzin betta-hüceyrələrinin minimum 80%-i məhv olur ki, bu da insulinin tam defisitinə gətirib çıxarır, insulinin inyeksiyasını qaçılmaz edir.
3. 1-ci tip şəkərli diabet orqanizmdə autoimmun prosses nəticəsində inkişaf edir, məhz autoimmun prosses betta-hüceyrələrini məhv edir və orqanizmi insulindən məhrum edir.
4. Orqanizmdə autoimmun prosses və insulinin tam defisiti birlikdə 1-ci tip şəkərli diabetin qeyri stabil və ağır keçməsinə səbəb olur ki, buda qanda şəkərə daimi nəzarətin olmasını tələb edir.
5. Hal hazırda şəkərli diabetin hər 2 tipinə münasibətdə “arıq” və “kök”, “qoca” və “cavan” bölgüləri qeyri aktualdır. Beləki şəkərli diabetin bütün tipləri istənilən yaşda və istənilən çəkidə insanlarda əmələ gələ bilər. Lakin 2-ci tipdən fərqli olaraq 1-ci tip şəkəlri diabetin qidalanmadan və həyat tərzindən asılı olmaması faktdır. 2-ci tip şəkərli diabetin əmələ gəlməsində isə hipodinamiya və çox yemək risk faktorlarına aiddir.
6.1-ci tip şəkərli diabetin əmələ gəlməsinin səbəbi çox vaxt virus infeksiyası olur.
Şəkərli diabet termini dedikdə müxtəlif etialogiyalı metabolik pozğunluqlar nəzərdə tutulur ki, bu zaman insulinin sekresiyasının və ya onun tə’sirinin defektləri nəticəsində xroniki hiperqlikemiya inkişaf edir, nəticədə yağ, zülal, karbohidrat mübadiləsinin pozulması müşahidə olunur.
Diabet müxtəlif orqan və sistemlərin; xüsusilə göz, böyrəklərin, sinirlərin, ürəyin və qan damarlarının disfunksiyasına, zədələnməsinə və çatışmamazlığına səbəb olur.
2-ci tip şəkərli diabet – çox geniş yayılmış xəstəlik olub, insulinin tə’sirinin (insulinrezistenlik) və sekressiyasının pozulması ilə xarakterizə olunur. 2-ci tip şəkərli diabet bütün yaşlarda inkişaf edə bilər, lakin ən çox 40 yaşından sonra yaranır. Xəstəliyin başlanğıcı artıq çəki fonunda tədricən yaranır. Başlanğıcda diabetin simptomları demək olar ki olmur və ya çox zəif özünü büruzə verir. Bunu xəstəliyin çox ləng inkişafı və bunun nəticəsində pasientlərin mövcüd olan hiperqlikemiyaya adaptasiyası ilə izah etmək olar. Kifayət miqdarda C-peptid tə'yin olunur, insulin hasil edən betta-hüceyrələrə autoantitel olmur. Morfoloji 2-ci tip şəkərli diabetin başlanğıcında mədəaltı vəzin normal olçüləri üzə çıxır, betta -hüceyrələrin hipertrofiyasını qeyd etmək olar. Betta -hüceyrələr çoxlu miqdarda sekretor qranulalara malik olurlar. Bundan fərqli olaraq 1-ci tip şəkərli diabet autoimmun xəstəlik olub, betta -hüceyrelərin destruksiyası nəticəsində insulinin hasilinin tam itməsi yaranır.
Müasir təsəvvürlərə əsasən 2-ci tip şəkərli diabetin patoqenezində əsas rolu betta -hüceyrələrinin insulin sekresiyasının pozulması ilə yanaşı toxuma və orqanların insulinrezistentliyi çox böyuk rol oynayır. Qlükozanın periferik utilizassiyasının pozulması əlamətləri meydana çıxır.
Insulin sintezinin pozulması, molekulda aminoturşuların ardıcılığının pozulması və proinsulinin insulinə çevrilməsi defekti ilə birüzə oluna bilər. Hər 2 halda hasil olunan hormon çox aşağı bioloji aktiv olur ki, buda hiperqlikimiyanın yaranması ilə nəticələnir.
Insulinə resiztentlik periferik toxumalarda, ən çox da qara ciyər, əzələ və piy toxumasında qlükozanın mənimsənilməsinin pozulması ilə ozünü göstərir. Onun inkisafında ən çox əhəmiyyət kəsb edən insulin reseptorlarınin defekti və qlükoza transpartyorlarının patalogiyasıdır. Insulin reseptorlarının miqdarı piylənmədə, ikinci tip səkərli diabetdə, akromeqaliyada, Itsenko- Kuşinq xəstəliyində, qlükokortikoidlərlə müalicədə, hamiləliyə qarşı preparatların qəbulunda azalır. Son illər kifayət qədər eksperimental və klinik məlumatlar göstərir ki, həm insulin sekresiyasının defekti, həm də periferik insulinə rezistentliyin inkişafı əhəmiyyətli dərəcədə genetik nəzarətin pozulması ilə əlaqədardır.
Qeyri medikamantoz müalicə üsulları
Şəkərli dibetin müallicəsində ən əsas məqsədlər bunlardır: simptomların aradan gotürülməsi, optimal metabolik kontrol, kəskin və xroniki ağırlasmaların qarşısının alınması, daha yüksək həyat keyfiyyətinə nail olmaq və müallicənin xəstə üçün mümkünlüyü.
Bu məqsədlərə hər iki tip şəkərli diabetdə birinci dərəcəli əhəmiyyət kəsb edən əsas müalicə prinsiplərinin köməyi ilə nail olunur:
1. diabetik pəhriz
2. dozalanmış fiziki hərəkətlərlə və ya işlərlə
3. öyrənmə və özünə nəzarət

Dərmanla müalicə
Şəkəri aşağı salan həb preparatları.
2-ci tip şəkərli diabetin müalicəsi bəzi hallarda dietanin tə’yini və fərdi fiziki fəaliyyətin təyini ilə başlanır. Bu effektsiz olduqda, şəkəri aşağı salan həb preparatlarından istifadə olunur. Bundan başqa xəstəyə ozünə nəzarətin lazımlığını izah etmək və ev şəraitində ona test kağızlarının köməyi ilə qanda və sidikdə şəkərin tə’yinini öyrətmək lazımdır. Hal hazırda şəkəri aşağı salan həb preparatları aşağıdaki qruplardan ibarətdir:
1. sulfanil sidik cövhəri preparatları
2. qeyri sulfanil sidik cövhəri sekreqoqları (prandial requlyatorlar və ya qlinitlər)
3. Biquanitlər – metformin
4. tiazalidindionlar
5. a-qlükozidazanın inqibatoru – akarboza
Sulfanil sidik cövhəri preparatları ən çox işlədilir, və bunlar 1-ci, 2-ci, 3-cü nəsillərə bölünürlər. 1-ci nəsil preparatlar az effektli olub, hal hazırda bu preparatlar demək olar ki, istifadə olunmur. 2-ci nəsil preparatlar aktiv sekratogen olub, bunların tə’sir mexanizmi insulinin sekressiyasını stimullaşdırmaqdır. 2-ci nəsil preparatlarından ən çox işələnilənləri bunlardır:
1. Qlibenklamid (Manilin, Betanaz, Daonil, Euqlikon)
2. Qliklazid (Diabeton, Nuzide)
3. Qlikvidon (Qlurenorm)
4.Qlipizid (Qlibinez, Minidiab)
3-cü nəsil sidik cövhəri preparatlarından Qlimepridi (Mepril) göstərmək olar. Bu preparat Azərbaycanda Mepril adı ilə yayılmışdır və digər preparatlara nisbətən bir çox üstünlükləri vardır. Belə ki, o 100% bioloji mənimsəniləndir və betta-hüceyrələrdən insulinin ifrazını yalnız qida qəbuluna uyğun tə’min edir. Insulin sekresiyasının fiziki fəaliyyət vaxtı ifrazının azalmasını blokada etmir və bunun nəticəsində hipoqlekimiya hallarının əmələ gəlmə mümkünlüyünü qat-qat azaldır. Bundan başqa Mepril həm sidik, həm də ödlə xaric olduğu üçün yüngül və orta dərəcəli böyrək çatışmamazlıqlarında tə’yin oluna bilər. Meprilin tə’sir müddəti 24 saat olub, o sutkada bir dəfə yeməkdən qabaq 1-6 mq tə’yin oluna bilər. Həmçinin Mepril hipoqlekimiya ehtimalının az olması, sutkada 1 dəfə tə’yin olunması ilə əlaqədər yaşlı adamlarda seçim dərmanı kimi tə’yin oluna bilər.
Sulfanil sidik cövhəri preparatları mədəaltı vəzin betta -hüceyrələrinin insulin sekressiyasını stimullaşdırır və artırır. Lakin nəzərə almaq lazımdır ki, bir çox preparatlar sulfanil sidik cövhəri preparatlarının tə’sirini həm artıra, və ya azalda bilər. Onların tə’sirini azaldan preparatlara aiddir: betta -blokatorlar, tiozidlər, kortikosteroidlər, indometasin, izoniazid, nikotin turşusu, kalsinin antoqonistləri.
Bu preparatların tə’sirini artıranlar isə aşağıdakilardır: salisilatlar, sulfanilamidlər, pirazalon törəmələri, klofibrat, monoaminoksidaza inqibatorları, antikoaqulyantlar.
Sulfanil sidik cövhəri preparatlarının tə’yininə əks göstəriş: 1-ci tip şəkərli diabet, ikincili (pankreatik) şəkərli diabet, hamiləlik və laktasiya, iri cərrahi əməliyyatlar, travmalar, ağır infeksiyalar, bu preparatlara allergiyalar və ağır hipoqlekimiya riskinin olmasıdır.
Qeyri sulfanil sidik cövhəri sekretoqoqları və ya qlinitlər yeni peroral şəkər aşağı salan preparatlar olub, bunlar da insulin sekresiyasını stimullaşdırır. Bunlara aşağıdakı preparatlar aiddir:
Repaqlinid (Novonorm)
Nateqlinid (Starliks)
Bunların əsas üstünlüyü bundadır ki, tə’siri çox tez başlayır və yeməkdən sonraki hiperqlikimiyanı (postprandial hiperqlikimiya) çox effektiv nizamlamağa imkan verir. Qeyd etmək lazımdir ki, insulin sekresiyasının 1-ci fazası, yəni yeməyin ilk dəqiqələrindən insulinin sekresiyası və normal miqdarı 2-ci tip şəkərli diabetdə tamamilə yox olur. Bu isə yeməyin ilk anlarında hiperqlikemiyanın əmələ gəlməsinə və yeməkdən sonra birinci dəqiqə və saatlarda yüksək hiperqlikemiyaya gətirib çıxarır. Qlinitlər isə bir başa bu çatışmamazlığı aradan gotürür və yeməyin ilk dəqiqələrindən insulin sekresiyasını tə’min edir və postprandial hiperqlikemiyanın qarşısını alır. Bundan başqa bu preparatları yaşlı və qoca adamlarda istifadə etmək məqsədə uyğundur. Bu preparatlar bilavasitə hər qidalanmadan əvvəl qəbul olunur.
Biquanitlər – metformin (Siafor). Bu qrup preparatlardan hal-hazırda yalnız metformin istifadə olunur. Yuxarıda göstərilən preparatlardan fərqli olaraq Biquanitlər insulin sekresiyasını gücləndirmir. Onlar yalnız qanda kifayət qədər insulin olduqda öz tə’sirini göstərir. Biquanitlər insulinin tə’sirini, insulin rezistentliyi azaldaraq pereferik toxumalarda gücləndirir. Biquanitlər qlükozanın əzələlər və piy toxumaları tərəfindən mənimsənilməsini, insulinin reseptorla əlaqəsini gücləndirməklə və Qlut 4 aktivliyini yüksəltməklə artırır. Onlar qara ciyər tərəfindən qlükoza hasilini, bağırsaqlardan qlükozanın sorulmasını azaldır, qlükozanın utilizasiyasını gücləndirir, iştahı aşağı salır. Metforminin tə’yininə əks göstərişlər aşağıdakılardır:
Qara ciyər funksiyasının pozulması, istənilən etiologiyalı hipoksiya halları (ürək-damar çatışmamazlığı, ağ ciyərlərin xəstəliyi, anemiya, infeksion xəstəliklər), şəkərli diabetin kəskin ağırlaşmaları, alkoqoldan sui istifadə və anamnezdə laktat asidoz.
Tiazolidindionlar. Bunlar prinsipcə yeni qrup preparatlar olub, 90-ci illərin axırlarında tətbiq olunmağa başlamışdır. Bunların əsas tə'sir mexanizmi insulinrezistentliyi aradan götürməkdir ki, Metforminə nisbətən bu preparatlar insulinrezistentliyi əzələ və piy toxumasında daha yüksək səviyyədə aradan götürür. Bu preparatlardan hal hazırda aşağıdakıları göstərmək olar:
Roziqlitazon (Avandiya)
Pioqlitazon (Aktoz, Pioqlit)
Insulinterapiya. Uzun müddət xəstə olan pasiyentlərdə çox vaxt şəkəri aşaği salan peroral həblərə ikincili rezistentlik inkişaf edir. 2-ci tip şəkərli diabetin baslanğıcında 2-3% xəstələrə insulin lazım olur, 10-15 ildən sonra isə pasientlərin yarısını həblərlə müalicə etmək effektiv olmur və insulinterapiyaya göstərişlər yaranır. Hər il 10-15% 2-ci tip şəkərli diabetli xəstələr insulinlə müalicəyə keçirlər.
2-ci tip şəkərli diabetdə insulinlə müalicəyə göstərişlər aşağıdakılardır: insulinə müvəqqəti tələbatın artması, insulin sekresiyasının kəskin azalması, hiperqlikimiya başqa terapiya formalarına cavab vermədikdə.
2-ci tip şəkərli diabetdə insulinterapiya müvəqqəti və həmişəlik ola bilər. Müvəqqəti insulinterapiya stress, kəskin xəstəliklər, cərrahi müdaxilə, kəskin infeksiyalar, insult, miokard infarktı, hamiləlik və laktasiya zamanı tə’yin olunur. Daimi insulinterapiya şəkərli diabetin gecikmiş autoimmun səbəbindən və şəkəri aşağı salan həblərə ikincili rezistentlikdə tə’yin olunur.
Şəkəri aşağı salan həblərə təkrar rezistentliyin səbəbi betta -hüceyrələrin miqdarının azalması ilə və/və ya insulinrezistentliyin artmasıdır. 2-ci tip şəkərli diabetdə insulinterapiyanın əlavə tə’sirlərindən bədən çəkisinin artmasını, mayenin və natrinin bədəndə yığılmasını, hipoqlikimiya riskini göstərmək olar. Insulinterapiya müxtəlif cür tətbiq oluna bilər: yuxudan qabaq uzun müddətli insulin inyeksiyası və dietaterapiya ilə gündüz həblərin qəbulu, qısa və uzun müddətli tə’sir edən insulinin səhər yeməyindən və şam yeməyindən əvvəl inyeksiyası, insulin və həblərin kombinasiya olunmuş istifadəsi və gənc adamlarda intensiv insulinterapiya.
Intensiv insulinterapiya dedikdə uzun müddətli insulinin iki dəfə inyeksiyası (adətən səhər yeməyindən və yuxudan qabaq) və qısa müddətli insulinin hər qida qəbulundan sonra inyeksiyası nəzərdə tutulur. Xəstəliyi kompensasiya etmək, normal qlikemiyanı tə’min etmək üçün xəstənin ozünə nəzarəti və öyrədilməsi əsas şərtdir.
Ən mürəkkəb məsələ insulinlə müalicəni nə vaxt başlamağın lazım olduğunu bilməkdir. Hər bir konkret halda bu məsələni individual olaraq, göstərişləri və əks göstərişləri, terapiyanın məqsədlərini təhlil etməklə həll etmək lazımdır. Xəstəliyin davamlı kompensassiyasına nail olmaq və onu saxlamaq, xəstəliyin xroniki ağırlaşmalarının profilaktikası və vaxtında müalicəsi əsas şərtdir. Diabetaloqiyanın inkişafı imkan veriri ki, 2-ci tip şəkərli diabetdə yüksək metabolik kontrol tə’min edilsin. Belə ki, həkimlərin arsenalında müasir şəkəri aşağı salan həblər və insulin preparatları, onları yeritmək üçün vasitələr və pasiyentlərin öyrədilmə sistemi vardır. Bütün bunlar klinik praktikada imkan verir ki, xəstələr yüksək həyat keyfiyyəti ilə təmin olunsunlar və xəstəliyin xroniki ağırlaşmalarının inkişafının qarşısı alınsın.

Pəhriz yolu ilə
Diabetli xəstənin pəhrizi orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara olan fizioloji tələbatını tam düzgün ödəmək şərti ilə qurulur. Xəstənin çəkisini, fiziki aktivliyi nəzərə alınmalıdır. Düzgün təşkil olunmuş qidalanmada xəstələr çox vaxt bədən çəkisini itirmirlər və yaxşi əhval ruhiyyəni və iş qabiliyyətini saxlayırlar.
Diabetli uşaqların pəhrizində zulalların, yagların və karbohidratların fizioloji nisbətinə əməl olunması çox vacibdir ki, buda onların normal böyüməsini, fizioloji və psixoloji inkişafını təmin edir.
Bərpa olunmanı əldə etdikdən sonra, müalicəvi tədbirləri elə aparmaq lazımdır ki, onlar çəkinin normallaşmasına kömək etsin.
Diabetdə pəhrizlə müalicənin adekvatlığına nəzarət etmək üçün, axır illər bəzi qida məhsullar qruppasının ekvivalent əvəz etmə sistemi tətbiq olunur, hansıkı buda zülalların, yağların və karbohidratların miqdarına və özünə nəzarəti asanlaşdırır. Bu sistem qidalanmanı planlaşdırmagı, yəni orqanizmə lazımı miqdarda zülalların, yağların və karbohidratların daxil olmasını təmin edir.
Bütün qida məhsullarını 6 qrupa bölmək olar: çörək, meyvələr, tərəvəzlər, süd, ət, yağ
Hər bir qrup üçün ekvivalent adlanan xüsusi vahid var.
Qida məhsullarının ekvivalent əvəz olunması:
1 stəkan süd= 1 stəkan qatıq = 1 stəkan kefir
1 stəkan çiy tərəvəz = 0,5 stəkan suda bişmiş tərəvəz.
1 orta ölçüdə alma = 0,5 stəkan giləməyvəyə (125 qram) = 1/3 stəkan təbii meyvə sokuna (80 ml).
0,5 stəkan sıyıq (3 yemək qaşığı) = 1 tikə 25 qram çörək = 1 ədəd kartof orta ölçüdə = 0,5 stəkan düyü və ya makaron
30 qram qaynadılmış və qızardırılmış ət = 1 yumurta = 30 qram pendir = 60 qr kəsmik = 45 qram (1 ədəd) sosiska = 30 qram balıq = 30 qram quş əti
1 çay qaşığı kərə yağı = 1 çay qaşığı bitki yağı = 1 çay qaşığı marqarin = 2 yemək qaşığı xama = 2 yemək qaşığı qaymaq.

Bir qrupa daxil olan qida məhsulların bir-biri ilə əvəz etmək olar, çünki onlar eyni energetik dəyərə malikdirlər. Misal üçün 1 dilim ağ çörək (25 qr) 1 kökəyə uyğun gəlir və s.

mənbə: 1

No comments:

Post a Comment